Hazırda İranı kim idarə edir? | TƏHLİL

   Hazırda İranı kim idarə edir?    | TƏHLİL
  05 Aprel 2026    Oxunub:4348
Turab Rzayev
Politoloq

Hazırda İranı kimin idarə etdiyini heç kim bilmir. Nə Mərkəzi Kəşfiyyat İdarəsi, nə BMT, nə də ki hər şeyi bilən siyasi təhlilçilər. İranın dövlət sisteminə görə dövlətin başında olan, dövləti real idarə edən bir ali lider var. Amma 28 fevraldan bəri onu heç kəs görməyib. İranın bir də bir seçilmiş prezidenti var ki, həmin ali liderlə görüşə bilmir. Bəs indi İranı kim idarə edir?
İranın hamımızın tanıdığı, ali təhsilli həkim bir prezidenti var. Daha çox razılaşmadan, danışıqlardan, atəşkəsdən tərəf olan prezident Pezeşkian. Atəşkəs olmazsa İran iqtisadiyyatının bir neçə həftə ərzində tamamilə çökə biləcəyini açıq şəkildə söyləməkdən çəkinməyən prezident. Bütün dünya təbii olaraq İranı onun idarə etdiyinə inanır. Ən azından Ali rəhbər və ordu komandanlığı öldürüldükdən sonra belə olmalı idi.
Amma, İranı o idarə etmir.

Sadə misal: Pezeşkian ötən həftələrdə yeni kəşfiyyat naziri təyin etməyə çalışdı. Sepah rəisi Əhməd Vahidi hər bir namizədin namizədliyinin önünü kəsdi. Sepah Pezeşkianı özünün üstünlük verdiyi Məhəmməd Baqer Zolqədri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin etməyə məcbur etdi. Katibi İranın prezidenti seçmədi. O, sadəcə önünə qoyulmuş hazır fərmanı imzalamağa məcbur oldu.

Sepahın yüksək rütbəli zabitlərindən ibarət şura İran daxilində mərkəzi qərar qəbuletməni tamamilə nəzarətə götürüb. Eyni şura İranın yeni ali lideri Müctəba Xameneinin ətrafında təhlükəsizlik kordonu yaradıb və Pezeşkianın özünün də ona girişini bloklayıb. Pezeşkianın son bir ay ərzində dəfələrlə Xamenei ilə təcili görüş tələb etdiyi bildirilir. Hər bir görüş tələbi cavabsız qalıb. İran prezidenti İran ali lideri ilə danışa bilmir.

Bəs Müctəba Xamenei? O, 28 fevraldan bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun nə şəkli, nə videosu görünməyib, heç bir rəsmi və ya qeyri-rəsmi görüşdə, mətbuat konfransında görünməyib. Tramp onun sağ sağ olduğunu, lakin ağır yaralandığını deyir. İsrail onun öldürüldüyünü bildirir. Rusiya onun Moskvada müalicə aldığını deyir. Lakin həyatda olmasının real sübutunu heç kəs görməyib. Müctəba Xameneinin Sepah təyinatlarını təsdiqləyən heç bir rəsmi fərmanı ictimaiyyətə açıqlanmayıb.

ABŞ və İsrail 28 fevralda hücum edib Ali Lider Əli Xameneini öldürdülər. Yüksək rütbəli komandirləri öldürdülər. İranın kəşfiyyat rəisini öldürdülər.
Sonradan yaranan xaosda bir güc boşluğu yarandı. Və Sepah birbaşa həmin boşluğa girdi. Vahidi ali liderin təsdiqlənmiş fərmanı olmadan Sepah komandiri vəzifəsini tutub. İran ordusuna real olaraq rəhbərlik etdiyi iddia olunan şəxs heç vaxt İrana real olaraq rəhbərlik etməli olan şəxs tərəfindən rəsmi olaraq təyin edilməyib.

İnsanların əksəriyyətinin adını belə eşitmədiyi bir general ölkə əhəmiyyətli hər vacib qərarı verir. Onun adı Əhməd Vahididir.

Yəni ABŞ real heç bir gücü olmayan prezident Pezeşkianla danışıqlar aparır?! Həqiqi hakimiyyətə malik olan Vahidi və Sepah hərbi şurası isə masada deyillər. Onları ümumiyyətlə nə masa, nə də danışıqlar maraqlandırır. Sepah İslam Respublikasının özünün yaşaması uğrunda mübarizə apardıqlarına inanırlar.

Yəni Trampın Pezeşkiana zəng etməsinin, ondan zəng almasının və ya ümumiyyətlə danışıqlar aparmasının heç bir mənası yoxdur. Real hakimiyyət Vahidi və Sepahdır. Onlar isə ümumiyyətlə nəinki danışıqlarda, heç danışıqlarda bağlı danışıqlarda da yoxdurlar...
Olsaydı belə, Tramp özünün terrorçu elan etdiyi və bütün Avropanı da terrorçu kimi tanımağa məcbur etdiyi təşkilat- İran ordusu və onun rəhbəri ilə danışıqları necə aparacaqdı, hazırda bunu necə təsəvvür edir - bunun özü də çox qəliz sualdır.


Teqlər: İran   SEPAH   ABŞ  



Xəbər lenti